Azərbaycan alimlərinin hərbi layihələri orduda tətbiq ediləcək

Azərbaycan  Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) hərbi, müdafiə və mülki xarakterli elmi-tədqiqat işləri çərçivəsində hazırlanmış növbəti layihəsinin təqdimatı keçirilib.

Akademiyadan  mətbuata verilən məlumata görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə qeyd edib ki, SETM müharibə şəraitində olan Azərbaycan üçün böyük əhəmiyyətə malik elmi-tədqiqat işlərinin hazırlanması, yeni və mövcud layihələrin davam etdirilməsi, eləcə də yekun nümunənin sınaqdan keçirilməsini uğurla davam etdirir.

A.Əlizadə Azərbaycanın hərbi qüdrətinin artırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən aparılan siyasətin, eyni zamanda çoxsaylı tədbirlərin davamı olaraq Akademiya tərəfindən həyata keçirilən hərbi və müdafiə xarakterli elmi-tədqiqat işləri üzrə layihələrin genişləndirilməsi və inkişaf etdirilməsinin olduqca aktual olduğunu diqqətə çatdırıb.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə artıq üç ildir ki, fəaliyyət göstərən AMEA Yüksək Texnologiyalar Parkında bir sıra mühüm elmi-praktiki nailiyyətlərin əldə olunduğunu, innovativ tədbirlərin həyata keçirildiyini bildirib.

AMEA rəhbəri vurğulayıb ki, əsas məqsəd büdcədənkənar vəsait hesabına fundamental elmi istiqamətlərdə yeni layihələrə sərmayə yatırılması, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsidir.

Mövcud və perspektiv elmi tədqiqat işləri barədə məlumat verən SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev bildirib ki, hazırda SETM və AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiya Parkı” MMC tərəfindən müvafiq dövlət qurumları ilə birgə layihələr çərçivəsində işlər görülür. O, həmçinin layihələrin həyata keçirilməsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının xüsusi xidmətləri olduğunu vurğulayıb.

F.Abdullayev çıxışında qeyd edib ki, SETM-in əsas məqsədi və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi zamanı AMEA-nın aidiyyəti elmi müəssisə və təşkilatlarının, xüsusilə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin mütəxəssislərinin layihələrə cəlb edilməsi, bu sahədə elmi tədqiqat, texnoloji, layihə-konstruktor, texniki istehsal hazırlığı, sınaq laboratoriyalarını özündə birləşdirən sistemin yaradılması olduqca əhəmiyyətlidir.

SETM rəhbəri diqqətə çatdırıb ki, ilin sonunadək daha bir neçə layihənin təqdim olunması nəzərdə tutulur.

Sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının səlahiyyətli nümayəndəsi, polkovnik Arif Həsənov və SETM rəhbərinin müavini, fizika üzrə fəlsəfə doktoru Samir Süleymanov təqdim olunan hərbi məmulatın texniki parametrləri və potensial döyüş şəraitində istismarı barədə ətraflı məlumat veriblər.

Polkovnik A.Həsənov Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən, 2019-cu il mayın 1-dən 3-dək “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərdə, həmçinin Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimlərində SETM-in hərbi məmulatlarının nümayiş olunduğunu deyib. O bildirib ki, maksimal distansiya, mürəkkəb relyef, gecə vaxtı və mürəkkəb radioelektron şəraitdə müxtəlif poliqonlarda keçirilən döyüş atışlı təlimlərdə SETM tərəfindən icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən layihələrin sınaq mərhələsindən uğurla keçmiş son hazır nümunələri qarşıya qoyulmuş tələblərə tam cavab verib və onların texniki parametrlərinə görə potensial döyüş şəraitində istismarı (idarə edilməsi) zamanı yüksək nəticələr əldə edilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi rəhbərliyinin rəyinə əsasən, SETM-in layihələrinin hazır nümunələrinin Azərbaycan Ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab olunub.

Sonda yeni avadanlığın texniki göstəriciləri və istismarı ilə bağlı çoxsaylı suallar cavablandırılıb, bir sıra təkliflər irəli sürülüb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password