Azərbaycanda silsilə yanğınlar – Onlarla helikopter, təyyarə cəlb olundu
Quba rayonunun Çiçi kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin 21 nəfər şəxsi heyəti, 2 texnikası, Mülkü Müdafiə Qoşunlarının 35 nəfər şəxsi heyəti, 1 texnika, Şimal Regional Mərkəzinin 10 nəfər şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində 16 hektar sahədə quru ot və kollar yanıb. Artıq yanğın söndürülüb.
Qəbələ rayonunun Solquca kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Aviasiya Dəstəsinin Mülkü Müdafiə Qoşunlarının və Şimal-Qərb Regional Mərkəzinin ümumilikdə 235 nəfərlik şəxsi heyəti, 16 texnika, o cümlədən 1 yanğınsöndürən təyyarə və 1 helikopter cəlb olunub.
Ağsu rayonun Kəndaxan kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 35 nəfər şəxsi heyəti, 5 texnikası, Mülkü Müdafiə Qoşunlarının 35 nəfər şəxsi heyəti, 2 texnikası cəlb olunub. Ümumilikdə nazirliyin 70 nəfər şəxsi heyəti və 7 texnikası ərazidə fəaliyyətdədir.
Səhər saatlarında İsmayıllı rayonunda da meşələrin yanması barədə məlumat yayılıb. Bu barədə mətbuata İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rövşən Ağayev məlumat verib.
R.Ağayevin sözlərinə görə, yanğın rayonun Şəbiyan, Keyvəndi və Pirəbilqasım kəndləri ərazisində yerləşən kolluq-meşə sahəsində qeydə alınıb.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və 150-yə yaxın canlı qüvvəsi cəlb edilib
Hazırda yanğınların lokallaşdırılması istiqamətində işlər davam etdirilir.