Bakı Metropoliteni “Avtovağzal” stansiyasının tikintisindən daha çox kimlər qazandı?
Bakı Metropoliteninin müasir standartlar səviyyəsində fəaliyyət göstərməsi məqsədi ilə zaman -zaman dövlət vəsiaitləri ayrılır. Bu vəsaitlər indi azaldılsa da Tağı Əhmədovun Bakı Metropoliteninə rəhbərliyi dönəmində yeni metrostansiyaların tikilməsi məqsədilə külli miqdarda vəsaitlər ayrılırdı. Xatırladaq ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinə metro xəttinin çəkilməsi ilə bağlı tapşırığı Prezident İlham Əliyev 2008-ci ildə metronun “Nəsimi” stansiyasının açılışı zamanı vermişdi.
Stansiyanın tikintisinə 2009-cu ilin sentyabrında başlanılıb. Layihə işləri “Bakımetrolayihə” İnstitutu tərəfindən yerinə yetirilib.
Layihəyə əsasən, “Avtovağzal” stansiyası platformadan, 2 vestibüldən, 8 çıxışdan, havalandırma keçidindən, vestibüllərin üzərində quraşdırılmış iki piramidadan ibarətdir. Stansiya kompleksinin ümumi uzunluğu 560 metrə yaxındır. Yeni xətdə yaradılan həm “Avtovağzal”, həm də “Memar Əcəmi” stansiyalarının platformalarının uzunluğu 144 metrdir. Bu isə platformaya əvvəlki stansiyalarda olduğu kimi 5 deyil, 7 vaqonun daxil olmasına imkan yaradır. Stansiya və keçidlərdə müxtəlif hündürlüklü 20 eskalator, çıxışlarda isə 8 travelator qoyulub. Fiziki imkanları məhdud insanların istifadəsi üçün burada lift quraşdırılıb.
Layihəni “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyəti 2009-2016-cı ilədək (7 ilə) həyata keçirmişdir.
Məhz bu layihənin həyata keçirilməsi üçün dövlət büdcəsindən nə az, nə çox 1 mld.826 milyon manat vəsait sərf edilmişdir.( o vaxtkı kursa görə təxminən 2 mlrd.ABŞ dolları)
Müqaisə üçün xatırladaq ki, prezident İlham Əliyevin 2008-ci ildə açılışını etdiyi müasir standartlara cavab verən “Nəsimi” stansiyası 220 milyon manata başa gəlmişdir. Doğrudur, bu iki stansiya arasında bir sıra fərqləri (platformalarının uzunluğu 144 metrdir. Bu isə platformaya əvvəlki stansiyalarda olduğu kimi 5 deyil, 7 vaqonun daxil olmasına imkan yaradır. Stansiya və keçidlərdə müxtəlif hündürlüklü 20 eskalator, çıxışlarda isə 8 travelatorun olması) nəzərə alınmalıdır.Lakin bu fərqlərə görə istifadə olunmuş xərclər ən çox iki dəfə xərc hesabına başa gələ bilərdi. Yəni maksimum 500-600 milyon manata başa gələ bilərdi. Lakin bundan az qala 3,2 dəfə baha başa gəlməsi anlaşılan deyil. Açıq-aşkar görünür ki, bu layihənin həyata keçirilməsində külli-miqdarda dövlət vəsaiti mənimsənilmişdir.
Digər müqaisəli fakt xatirlatmaq da yerinə düşər:
Moskva meri Sergey Sobyanin metrotikinti şirkətləri qarşısında tapşırıq verib ki, bu məqsədlə ayrılmış vəsait işin keyfiyyəti saxlanılmaqla 20 % aşağı salınsın. Son illərin statistikası göstərir ki, Moskva şəhərində metro tikintisinin 1 km üçün orta məsrəfi 7 mlrd.rubl ( və yaxud 233 mil.manat) təşkil edir. Cənab mer digər tapşıqla yeni tikinti standartlarına önəm verməyi, xarici təcrübədən istifadə etməyi də tapşırmışdır. Ən əsas vəzifənin isə stansiyanın tez və qənaətli tikilməsidir. Ona görə də bu tapşırıqlara əsasən hazırda “Madrid texnilogiyası”ndan istifadə etməklə Moskvada 4 stansiyanın tikintisinə başlanılmışdır. MDB məkanındakı iri şəhərlərdə biryollu tonelli metrostansiyalar tikildiyi halda Avropada ikiyollu tonnelli stansiyalar tikilir ki, bu zaman 15-30 %-dək vəsaitə qənaət edilir, belə tonelldən istifadə zamanı xidmət və istismar xərcləri 30-50% biryollu tonneldəkindən 30-50% az xərc tələb edir. Eyni zamanda ən önəmlisi isə Fövqəadə Hallar zamanı sərnişinlərin evakuasiyası daha effektli olur. İspaniyada belə “Madrid texnologiyasının” tətbiqi 2004-cü ildən başlanılmış və 2007-ci ilədək 80 stansiya istifadəyə verilmişdir.
Tağı Əhmədov dövründə “Bakı Metropoliten” QSC-də son illər baş vermiş digər qanunpozuntusu halları barədə Hesablama Palatası audit yoxlamasından sonra ciddi faktları ortaya qoymuşdur. Belə ki, Hesablama Palatasının 2016-cı ilin sentyabrında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində həyata keçirdiyi audit üzrə hesabat yayıb. Qeyd olunur ki, audit dövlət büdcəsindən ayrılmış subsidiyalarla birlikdə 2014-cü il üzrə 80,4 milyon, 2015-ci il üzrə 90,6 milyon manat, həmçinin cəlb edilən kredit resursu nəzərə alınmaqla dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına ayrılan 602 milyon manat vəsaiti əhatə edib.
Auditlə müəyyən olunub ki, metropolitenlə sərnişindaşıma xidmətləri üzrə bir gedişin daşınma xərci (maya dəyəri) maliyyə hesabatlarında 4-5,5% aralığında (2015-ci ildə 0,54 manat) artıq göstərilib. Eyni zamanda qeyri-rezidentlərin gəlirlərinin vergilərə cəlb olunmamasına, hesablanmış ƏDV məbləğlərinin dövlət büdcəsinə ödənilməməsinə yol verilib: “Metro stansiyalarının sahəsində müvafiq qaydada rəsmiləşdirilmədən ticarət fəaliyyəti həyata keçirilib, cəmiyyətin struktur vahidinin texniki pasportu ilə müəyyən edilən ərazisindən hər hansı əsas olmadan yaşayış və kommersiya təyinatları üzrə istifadə olunub, eyni zamanda metro stansiyalarında yığılıb-sökülən konstruksiyaların alınması və quraşdırılması istiqamətində vəsaitlərin xərclənməsinə baxmayaraq həmin ticarət sahələrindən hər hansı formada gəlirlərin əldə olunması rəsmiləşdirilməyib.
Funksional fəaliyyətlə bağlı olmayan alışlar üzrə satınalma proseduraları tətbiq edilmədən birbaşa müqavilələr bağlanıb, eyni malların satın alınması üzrə ayrılan vəsait məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə ayrı-ayrı hissələrə bölünərək satınalma metodu dəyişdirilib, satın alınacaq malların ehtimal olunan qiymətləri müəyyən edilməyib. Bəzi hallarda mallar birbaşa istehsalçılardan deyil, rəsmi təmsilçilik hüququ olmayan şirkətlərdən satın alınıb, güzəştli gömrük rüsumu rejimlərindən istifadə olunmayıb, təsərrüfat üsulu ilə yerinə yetirilmiş tikinti işləri sifarişçi-podratçı qaydasında tətbiq edilən əlavələrlə rəsmiləşdirilib, eləcə də istehsal edilərək daxili istehlaka yönəldilən dəmir-beton məmulatlarının kalkulyasiyasına mənfəət normasının daxil edilməsi nəticəsində dövlət vəsaitlərinə qənaət edilməyib.
Məlum olub ki, metro tikintisi üzrə bəzi işlər təcrübəsi və böyük potensialı olmayan podratçı şirkətlər vasitəsilə həyata keçirilib, bəzi obyektlərin layihə və smeta sənədləri ekspertizadan keçirilməyib, layihə-smeta sənədlərində nəzərdə tutulmayan işlərin qəbul edilməsi hallarına yol verilib.
Qanunvericiliklə müəyyən edilmiş əsaslar, o cümlədən qarşılıqlı razılıq və məhkəmə qərarı olmadan 6 milyon manat vəsait metro tikintisi çərçivəsində layihə altına düşən ayrı-ayrı əmlaklara görə kompensasiyaların ödənilməsi üçün “Bank Technique” ASC-yə köçürülüb, müvafiq təyinatlar üzrə isə icra olunmayıb və uzun müddət ərzində bank hesabında istifadəsiz qalmasına baxmayaraq maliyyə hesabatlarında kapital qoyuluşları kimi göstərilməyib.
Maliyyə hesabatları müvafiq qaydada təsdiqlənməyib, nizamnamə kapitalının miqdarı uçot sənədlərində artırılsa da, nizamnamədə müvafiq dəyişikliklərin edilməsi üçün tədbirlər həyata keçirilməyib. Hesablama Palatasının Kollegiyası “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində nöqsanlara yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib. Nazirlər Kabinetinə, Vergilər Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə müvafiq məlumatların göndərilməsi qərara alınıb. Auditin nəticələri ilə bağlı Milli Məclisinə məlumat verilib”.
Burdan belə bir nəticəyə gəlirik ki, uzun müddət “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri olmuş T.Əhmədovun özünün də etiraf etdiyi və faktların ört-basdır edilməsi üçün MTN-nin sabiq generalı Akif Çovdarova verdiyi 3 milyon manat rüşvəti sonradan geri istəməsi onu deməyə əsas verir ki, istər Hesablama Palatasının ortalığa çıxardığı, istərsə də adi bir metrostansiyasının tikintisi zamanı qanunsuz əldə etdiyi milyonluq vəsaitlər deməyə əsas verir ki, ayrılmış dövlət büdcəsi talanmışdır. Ona görə də zərurət yaranmışdır ki, təkcə “Avtovağzal” stansiyasının tikintisi zamanı oğurlanmış milyonlarla manat vəsaitin təyinatı üzrə xərclənməsi mühüm aidiyyatı üzrə dövlət qurumları ( Hesablama Palatası, İqtisadiyyat Nazirliyinin daxili audit şöbəsi, Maliyyə Nazirliyinin Dövlət Nəzarəti İdarəsi) tərəfindən yoxlanıldıqdan sonra nəticədən asılı olaraq dövlət büdcəsinə dəymiş ziyanın miqyası aydınlaşdırılsın. Digər tərəfdən məlumatlı mənbənin qeydlərinə görə “Avtovağzal” metrostansiyasının müsir formada tikintisi layihəsi nədənsə Fransada yaşayan erməni əsilli layihə şirkətilə bağalanan müqavilə əsasında həyata keçirilmişdir.
İfadetv.com saytı bildirir ki, irimiqyaslı talanla bağlı aidiyyatı üzrə verdiyi informasiya sorğularına rəsmi cavab ala bilməmişdir. Elə ona görə də apardığı araşdırmasına istinad edərək hesab edir ki, müharibə şəraitində yaşayan bir dövlətə qarşı belə bir sabotajın həyata keçirilməsi, dövlətimizin bu gün üzləşdiyi iqtisadi böhranın bir hissəsinə səbəb olduğuna görə Cənab Prezidentdən xahişimiz budur ki, araşdırdığımız faktların dövlət və ictimai əhəmiyyət kəsb etməsini nəzərə alaraq irimiqyaslı iqtisadi sabotajın təşkilatçıları və onların işlərinə göz yuman dövlət nəzarət idarələrinin hərəkətsizliklərinin araşdırılması barədə Dövlət Təhlükəsizlik Xidmətinə şəxsi nəzarəti altında lazımi tapşırıqlar versin.
Aktualinfo.org