Azərbaycan tərəfə keçən erməni əsgərin qardaşı danışdı
İşğal altındakı Azərbaycan ərazilərində, təmas xəttinin Füzuli-Xocavənd istiqamətində dislokasiya olunmuş erməni hərbi hissəsinin 19 yaşlı əsgəri, avqustun 12-də Azərbaycan tərəfə keçən Araik Kazaryanın qardaşı onun zabitlərlə probleminin olduğunu deyib.
Hazırda Ermənistan ordusunda müqavilə əsasında xidmət keçən Armen Kazaryan “Aykakan jamanax” qəzetinin əməkdaşı ilə söhbətində həmin informasiyanı ona Beynəlxalq Qırmızı Xaç təşkilatından verdiklərini bildirib.
Lakin Armen Kazaryan deyib ki, o qardaşının qulluq etdiyi hərbi hissəyə gedə və təfərrüatları öyrənə bilməyib. “Mənə hərbi hissəyə getməyə icazə vermədilər. Ancaq Stepanakertdə (Xankəndində,-red), hərbi polisdə oldum, oradan məni geri göndərdilər, hərbi hissəyə buraxmadılar”,-Kazaryan əlavə edib.
Armen Kazaryanın bildirdiyinə görə ona deyiblər ki, qardaşının Azərbaycan tərəfə keçməsi ilə bağlı məsələ məxfidir: “Ailə üzvlərimizdən də gizlədirlər”.
Hərbi hissədə qardaşına təzyiq edildiyi, döyüldüyü haqda xəbərlər barədə isə Armen Kazaryan bunları deyib: “Mən bilirdim ki, onun problemləri var, lakin bu problemlərlə bağlı getdik, adamlarla görüşdük, hər şey qaydasına düşdü”.
Kazaryan əlavə edib ki, qardaşının problemi əsgərlərlə yox, zabitlərlə olub. Və görünür Müdafiə Nazirliyi bu səbəbdən faktları gizlədir.
Xatırladaq ki, Beynəlxalq Qırmızı Xaç nümayəndələri artıq fərari erməni əsgərlə görüşüb. Azərbaycan Müdafiə Nazirliyinin bildirdiyinə görə, Araik Kazaryan qulluq etdiyi hərbi hissədə müntəzəm döyüldüyünü, alçaldıldığını danışıb, onun başında, kürəyində və əlində xəsarət izləri olub.(virtualaz.otg)