“Bu ifadə savaşa başlamağımız üçün ciddi səbəbdir “-F Mustafa

Ermənistan danışıqlardan uzaqlaşmaq niyyəti güdür

“Ermənistan baş naziri Nikol Paşıinyanın son açıqlaması işğalçılığın təsdiqidir”.

Bunları millət vəkili Fazil Mustafa Paşinyanın Xankəndidəki mitinqdə çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, Paşinyan bu ifadələri erməni cəmiyyətinə Qarabağı məsələsinin öz iqtidarının əsas prioriteti olduğunu xatırlatmaq üçün söyləyib:

“Çünki bu açıqlamaya qədər həm onun, həm də keçmiş Ermənistan prezidentlərinin Dağlıq Qaraabağ ərazisinə daxil olması özü işğalçılığın təsdiqi deyildimi? Yəni işğalçılığı buna qədər təsdiq edən yetərincə faktlar. Hətta Dağlıq Qarabağın inzibati hüdudlarından kənarda olan işğal altındakı rayonlarımızda təmir-bərpa işlərinin sürətlə aparılması, kənarda oraya ermənilərin məskunlaşdırılması da bu faktlar siyahısına daxildir. Sadəcə, son açıqlama rəsmi Ermənistanın bunu həm də növbəti dəfə dillə ifadə etməsidir. Bu cür ifadələr əvvəllər də işlədilib və özümüzü buna görə təəccübləndirməyək. Burada iki məqsəd ola bilər. Birincisi, Ermənistan danışıqlardan uzaqlaşmaq niyyəti güdür və Azərbaycana qarşı bu cür diplomatik provakasiyanı yönəldir. İkincisi isə Paşinyan bu ifadələri erməni cəmiyyətinə Qarabağı məsələsinin öz iqtidarının əsas prioriteti olduğunu xatırlatmaq üçün söyləyib. Əlbəttə, bu ifadə savaşa başlamağımız üçün ciddi səbəbdir, lakin ondan əvvəlki hərəkətlər qeyri-ciddi səbəblər deyildi ki? İndi niyə Xankəndini vurmuruq, niyə hücum edib torpaqları almırıq kimi sualları cavablandıracaq imkana və informasiyaya sahib deyiləm. Ancaq onu bilirəm ki, biz Azərbaycan ordusu qədər Azərbaycan diplomatik korpusunu da daha yetkin və hazırlıqlı peşəkarlardan təşkil etməliyik ki, bu cür açıqlamaların beynəlxalq hüquqa qarşı demarş olduğunu konkret ölkələrdə və beynəlxalq qurumlarda anında tirajlamağı bacarsınlar. Təcrübəli diplomatlarımız az deyil, ancaq xaricdəki təmsilçilərimizin müəyyən hissəsi öz vəzifə borclarını layiqincə yerinə yetirəcək qabiliyyətdə deyil və ona görə də xarici ölkələrin cəmiyyətlərinə aktiv təsir göstərə bilmirlər”.

Deputat qeyd edib ki, bu gün ermənilərlə aparılan savaş qismən atəşkəs zolağı üzərində davam edir:

“O zolağın da üzərində ordumuzun hərəkət sərbəstliyini boğan beynəlxalq güclərin həmrəyliyi var. Özümüz nə qədər güc olsaq da, beynəlxalq və ya supergüc deyilik. Demək ki, savaşın əsas bölümü diplomatik cinahda, lobbiçilikdə, diaspora sahəsində gedir. Burada isə şəxsi mənfəət hislərimizin üzərinə qalxa bilmədiyimizə görə istənilən nəticələrə vara bilmirik”(aznews.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password