İran batan gəmisinin ekipajını xilas etdiyinə görə Azərbaycana təşəkkür etdi
İran İslam Respublikası “Şəbahəng” gəmisinin ekipaj heyətinin xilas edilməsi ilə bağlı Azərbaycana təşəkkürünü bildirib.
Bu barədə mətbuata İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən məlumat verilib.
Səfirlik İran İslam Respublikası dövləti adından dost və qardaş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Hərbi Dəniz Qüvvələri və Dövlət Sərhəd Xidmətinin İranın Xəzər dənizində qəzaya uğramış “Şəbahəng” adlı gəmisinin heyətinə göstərdikləri təxirəsalınmaz və peşəkar yardıma görə öz minnətdarlığını bildirir.
Qeyd edilir ki, bu humanitar addım İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq, dostluq və qardaşlıq simvolu sayılır. Eyni halda, Xəzər dənizində fövqəladə və zəruri hallar zamanı əməkdaşlığın daha da genişlənməsinin zəruri olduğunu göstərir.
İran İslam Respublikasının Səfirliyi bir daha belə bir həssas əməliyyatda iştirak etmiş və insan itkisinin qarşısının alınmasında əməyi olmuş hər bir kəsə öz səmimi minnətdarlığını bildirir, iki qonşu və qardaş ölkə arasında səmimi əlaqələrin daha da genişlənməsini arzulayır.