Beynəlxalq Muğam Mərkəzinin yay layihəsinin növbəti konserti keçirilib

Beynəlxalq Muğam Mərkəzinin yeni layihəsi olan “Muğam dünyasına səyahət” adlı silsilə konsert proqramlarının növbəti tədbiri iyulun 26-da A.R.Qobustanlı adına Mədəniyyət evində keçirilib.

Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə keçirilən konsert proqramında sevilən gənc xanəndələr Elgiz Əliyev, Nisbət Sədrayeva və Almaxanım Əhmədli Qaradağ sakinləri qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər. Xalq mahnılarımız, muğamlarımızdan ibarət proqramda xanəndələri tarda Zəfər Məmmədli, kamançada Muşfiq Lətifov və nağarada Vüsal Əliyev müşayiət edib.

Konsert qəsəbə sakinləri tərəfindən maraqla qarşılanıb. Konsert proqramından əvvəl tamaşaçılara Azərbaycan mədəniyyətinə dövlətimizin diqqət və qayğısından söz açılıb. Bildirilib ki, müstəqil Azərbaycan dünyada iqtisadi naliyyətləri ilə bərabər həm də zəngin mədəniyyəti ilə tanınır. Azərbaycan mədəni dəyərlərini dünyada təbliğ etmək prosesini uğurla həyata keçirir. Bunu son illərdə görülən mühüm işlər təstiq edir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Birinci vitse prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə mədəniyyətin inkişafı, milli mənəvi dəyərlərin qorunması , yeni nəslə ötürülməsi sahəsində həyata keçirilən tədbirlər məhz bunu deməyə əsas verir. Dövlət başçısının iştirakı ilə paytaxtla yanaşı bölgələrdə istifadəyə verilən mədəniyyət ocaqları , teatr, muzey və konsert salonları xalqımızın mədəniyyətinin kompleks şəkildə inkişafına xidmət göstərir .

Daha sonra rəngarəng proqramlı konsert təqdim edilib. Konsertdə qəsəbə sakinləri ilə yanaşı burada fəaliyyət göstərən hərbi hissənin əsgərləri də iştirak edib.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə iyul ayından start götürən layihə ilin sonuna kimi davam edəcək. Layihənin konsertlərində tanınmış muğam ifaçılarımız muğamlarımız, xalq mahnılarımız və təsniflərdən ibarət rəngarəng proqram təqdim edəcəklər.

Növbəti konsertlər 9 avqust – Binəqədi Mərkəzi Mədəniyyət evi, 27 avqust – Buzovna qəsəbəsi R.Axundov adına Sarayında reallaşacaq.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi bu günə kimi bir çox birgə layihələrə imza atıb. Televiziya kanalları, səfirliklər, müxtəlif təşkilatlarla reallaşan uğurlu layihələr sırasında ötən ay Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə reallaşan “Caspian etüd” Beynəlxalq gənc pianoçuların müsabiqəsini misal çəkə bilərik. BMM həm ölkə daxilində həm də beynəlxalq əhəmiyyətli birgə layihələri fəaliyyətinin önəmli istiqaməti kimi davam etdirməkdədir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password