Azərbaycan sərhədçisi iranlı narkokuryerlərlə atışma zamanı yaralanıb

Azərbaycan sərhədçiləri İranla sərhəddə silahlı insident nəticəsində Azərbaycana külli miqdarda narkotik vasitənin qanunsuz gətirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Sərhəd Xidmətinin saytında məlumat verilib.

Hadisə 2019-cu ilin 27 iyul tarixində saat 22:45 radələrində Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Əhmədalılar kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində baş verib

“Sərhəd naryadı tərəfindən İrandan Azərbaycan istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunmuş və qarşısı alınıb. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozu­cuları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilib. Baş vermiş atışma zamanı sərhəd naryadının üzvü çiyin nahiyəsindən ya­ra­lanıb. Sərhədçi əsgər dərhal hərbi hospitala təxliyə edilərək əməliyyat olunmuşdur, hazırda vəziyyəti qənaətbəxşdir. Dövlət sərhədindən narkotik vasitə keçirməyə müvəffəq ola bilməyən sər­həd pozucuları geri qaçmışlar.”, – məlumatda deyilir.

Ərazidə keçirilmiş axtarış tədbirləri nəticəsində ümumi çəkisi 5 kq 350 qram olan 1 ədəd bağlamada 2 kq 70 qram marixuana, 2 kq 180 qram kokos, 885 qram heroin, 215 qram tiryək aşkar olunub.

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri əra­zi­yə ezam ediliblər. İranın sərhəd nümayəndəsi ilə gö­rüş, hadisə yerinə birgə baxış keçirilib, aşkar olunmuş narkotik vasitələr və digər əşyalar təqdim olunub, sərhəd pozucularının müəyyən edi­lərək cinayət məsuliyyətinə cəlb olunmaları tələb edilib.

“Hərbi prokurorluq ilə birlikdə hadisə ilə əlaqədar zəruri tədbirlər görülür. Fakt üzrə cinayət işi başlanılıb”, – məlumatda vurğulanır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password