İtkin pilotumuzun ailəsində son durum: “Mənim balam yol gözləyir”
“Biz Rəşadın salamat qayıdacağından ümidimizi kəsmirik. Əlimiz Allahın ətəyində dua eləyirik…”
Bu sözləri hazırda axtarışda olan Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin qayınanası Məhbubə Hüseynova News24.az-a danışarkən deyib.
O bildirib ki, Rəşad Atakişiyevi tanıyan hər kəs tezliklə ondan yaxşı xəbər alacağından inamını kəsmir:
“Könül çox pis vəziyyətdədir. Dərmanla sakitləşdiririk. Qulağı səsdə xəbər gözləyir. Danışanların ağzına baxır. Deyir, Rəşad sağ-salamat qayıdacaq, başqa heç bir xəbəri qəbul eləmirəm”.
Məhbubə Hüseynova onlara sosial şəbəkədə başsağlığı verilməsindən də çox üzüldüyünü bildirib:
“Rəşadın şəklinin altından başsağlığı yazırlar. Rəsmi xəbər yoxdur. Hələ axtarışlar gedir. Axı niyə başsağlığı verirsiz? Ona “Allah rəhmət eləsin” deməyə necə diliniz gəlir? Axı, mənim balam hələ yol gözləyir?”
Məhbubə xanım onların dərdinə şərik çıxan hər kəsdən dua gözləyir:
“Hamıdan Rəşad üçün dua istəyirəm. Uşaqları hər şeydən xəbərsizdir. Onları yaxınlarımızın birinin evinə aparmışıq ki, gəlib-gedəni görməsinlər, danışılanları eşitməsinlər. Amma böyük oğlu çox həssasdır. Deyir, atama nə olub? Məndən gizlətməyin… Amma biz onu aldadırıq. Deyirik, atan başqa yerə döyüşə gedib, tezliklə qayıdacaq”.
Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və Rəşad Atakişiyevin idarə etdiyi aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Müdafiə nazirinin tapşırığına əsasən, yaradılan komissiya qəzanın səbəblərinin araşdırır.