Türkiyə şirkəti Azərbaycan gömrüyündə yaradılan süni problemlərdən Ərdoğana müraciət etdi
“Rovel Trading” şirkəti ilə Gömrük Komitəsi arasında qarşıdurma Türkiyə prezidenti səviyyəsinə qədər böyüyə bilər…
DÖRTEL OTOMOTİV SAN.PAZ. TİC. LTD ŞTİ firmasının sahibi, İstanbul Ticarət Odasının (İTO) məclis üzvü Yakup Yaşa Azərbaycan gömrüyündə üzləşdikləri qanunsuzluqlarla bağlı Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğana məktub ünvanlayıb. Bu barədə PİA.az-a daxil olan səhih məlumatda bildirilir ki, məktubda türkiyəli iş adamı 20 ildir ki, “Mutlu” akkumulyatorlarının Azərbaycanda rəsmi distributoru olan “Rovel Trading” şirkətinin Azərbaycana gətirdiyi malları 3 həftədir ki, gömrükdə qanunsuz olaraq saxlanılımasından və bu üzdən də onların ticarətinə ciddi ziyan dəydiyini izhar edib. Türkiyəli iş adamı məktubunda Azərbaycan gömrüyünün onların malının qiymətini süni şəkildə artıqrmağa çalışmasından və bununla da onların ticarətlərinə ziyan vurmağa cəhd etməsindən şikayətçi olub və qeyd edib ki, Azərbaycan Gömrük Komitəsinin bu kimi addımlarından iki ölkə arasındakı ticari əlaqələr də ziyan görməkdədir. Yakup Yaşa Azərbaycan gömrüyündə üzləşdikləri qanunsuzuğun ortadan qaldırılması üçün prezident Ərdoğandan məsələyə müdaxilə etməyi xahiiş edib.
Xatırladaq ki, iki gün əvvəl sözü keçən mövzu ilə bağlı “Rovel Trading” şirkətinin direktoru İntiqam Həsənov da Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban Əliyevaya və digər əlaqədar dövlət qurumlarının rəhbərlərinə müraciət edib. Həmin müraciət PİA.az saytında dərc olunub.
Məsələ ondadır ki, “Rovel Trading” şirkətinin ölkəyə gətirdiyi “Mutlu” akkumulyatorları Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən ölkəyə buraxılmır. Səbəb isə alqı-satqı müqaviləsində qiymətin 10% aşağı olması göstərilir. “Rovel Trading” şirkətindən isə bildirilər ki, dünya bazarında qurğuşunun qiymətinin 10-15% aşağı düşdüyünə görə “Mutlu” akkumulyatorlarının da qiyməti aşağı düşüb və onlar da Azərbaycanda “Mutlu” akkumulyatorları 10% aşağı qiymətə satacaqlar.
DÖRTEL OTOMOTİV SAN.PAZ. TİC. LTD ŞTİ firması sahibi Yakup Yaşanın və şirkətin ixracat müdiri Alpay Simsek tərəfindən Gömrük Komitəsinin sədri Səfər Mehiyevə ünvanlanan məktublarda da qiymətin 10% aşağı olması dünya bazarında qurğuşunun qiymətinin düşməsi ilə əlaqələndirilib. Dövlət Gömrük Komitəsi həmin məktublara cavabında əlaqədar qurumların məsləni araşdıracaqları qeyd olunub.
“Rovel Trading” şirkətinin direktoru İntiqam Həsənov isə PİA.az-a bildirib ki, bütün qurumlara, o cümlədən prezident İlham Əliyevə müraciət olunmasına baxmayaraq onların məsələsi araşdırılmır və Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Rafayıl Niftəliyev onların ölkəyə gətirdiyi “Mutlu” akkumulyatorlarını qanunsuz olaraq sənədləşdirməkdən rəsmən imtina edir və bu zaman ortaya qanunlar çərçivəsində heç bir səbəb qoymur.
İntiqam Həsənov iddia edir ki, Rafayıl Niftəliyev öz qərəzi və maddi maraqlarına görə onların şirkətini bazardan çıxarmağa və bazarda monopoliya yaratmağa çalışır. Çünki qeyri-rəsmi şəkildə Rafayıl Niftəliyevə aid olan şirkət də ölkəyə akkumulyator idxal edir və bu zaman Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi öz səlahiyyətlərindən istifadə edərək ölkəyə idxal etdiyi akkumulyatorları maya dəyərindən aşağı, 17 dollara sənədləşdirir. Dünya bazarında qurğuşunun indiki qiymətləri ilə isə bir akkumulyatorun minmum maya dəyəri 25-26 dollar arasında dəyişir.
Yazıda adı keçən qurumların və şəxslərin mövqeyini dərc edə bilərik…(pia.az)